Lənkəran Şəhər Psixiatriya Xəstəxanası
Lənkəran Psixiatriya Xəstəxanası ilk dəfə 1977-ci ildə təsis edilmiş və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərmişdir. Lənkəran Psixiatriya Xəstəxanasının ilk baş həkimi Hüseynov Mirismayıl təyin olunmuşdur. Fəaliyyət göstərən xəstəxana 75 çarpayılıq olub həm ambulator , həm də stasionar psixiatrik xidməti təmin etmişdir.
2017-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin əmri ilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanası üçün yeni üçmərtəbəli bina tikilmiş və istifadəyə verilmişdir. Lənkəran Şəhər Psixiatriya xəstəxanası 100 çarpayılıq olub Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik və Yardımlı olmaqla, 6 rayonun əhalisinə ixtisaslaşmış ambulator və stasionar psixiatrik yardımın göstərilməsini təmin edir. 2020-ci ildə Lənkəran Şəhər Psixiatriya Xəstəxanası Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdindən ayrılaraq birbaşa Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyətini davam etdirir. Hal-hazırda Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında 3 şöbə var, 76 əməkdaş fəaliyyət göstərir. Xəstəxananın baş həkimi Hüseynzadə Ramil Mahmud oğludur.
Missiyamız
Peşəkar mütəxəssislərin, beynəlxalq standartların və müasir müalicə protokollarının tətbiqi əsasında elm və insan fokuslu, etik qaydalara və pasient hüquqlarına diqqətli, keyfiyyətli və yüksək ixtisaslaşdırılmış əlçatan psixiatrik tibbi xidmətlərinin göstərilməsi və yerli əhalinin psixi sağlamlığının təminidir.
Gələcəyə baxış
Lənkəran Şəhər Psixiatriya Xəstəxanası olaraq əsas gələcəkyönümlü hədəfimiz ölkənin əsas psixi sağlamlıq müəssisələrindən biri olaraq pasiyentlərin, ziyarətçilərin və əməkdaşların məmnuniyyətini təmin etmək, müasir beynəlxalq protokollarla yerli əhalinin psixi sağlamlıq amillərini əhatə edən ümumi müalicə və profilaktika metodlarını formalaşdırmaq, elm və insan fokuslu əlçatan, aparıcı psixi sağlamlıq xidmətini təmin etməkdir.
Dəyərlərimiz
İnsan yönümlülük - yanaşmamızda xəstəliyin müalicəsi ilə yanaşı, sağlamlığın qorunması hüququna malik olan hər bir pasiyentə individual yanaşma nəzərdə tutulur.
Elmi əsaslılıq - fəaliyyətimizdə tətbiq olunan müayinə, müalicə və profilaktik tədbirlərin hər biri elmi tədqiqatlarla əsaslandırılmış, beynəlxalq müalicə protokollarında yer almış və elmi ədəbiyyatlarda göstərilmiş məlumatlara əsaslanır.
Etik dəyərlərə və pasiyent hüquqlarına fokuslu - hər bir pasiyentimizin və yaxınının məhrəmiyyətinə hörmət edir, etik prinsiplərə bağlı şəkildə insan haqlarına həssaslıq göstəririk.
Pasiyent təhlükəsizliyi - Lənkəran Şəhər Psixiatriya Xəstəxanası olaraq, biz pasiyentlərə dəyə biləcək mümkün zərərin qarşısını almaq, keyfiyyətli tibbi xidmətlərin göstərilməsi, təhlükəsiz və etibarlı mühit yaratmaq üçün beynəlxalq pasiyent təhlükəsizliyi qaydalarını tətbiq edirik.
Dünyəvilik - müasir tibbin beynəlxalq protokol və yanaşmalarını təqib edən, izləyən, onları yerli və milli dəyərlərimizlə uyğunlaşdıran bir yanaşma ilə yeniliklərə açıq şəkildə əlçatan xidmət göstəririk.
Bərabərhüquqluluq - yaşından, cinsindən, irqindən, etnik mənsubiyyətindən, dinindən, sosial-iqtisadi vəziyyətindən, dilindən və ya siyasi mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin hər bir üzvünə bərabər keyfiyyətli psixi sağlamlıq xidməti göstəririk.
Fasiləsizlik - Peşəkar tibbi heyət və tam texniki təchizat, eləcə də digər qabaqcıl tibb müəssisələri ilə əməkdaşlıq – pasiyentlərin müalicəsi prosesində ən yaxşı nəticələr əldə etmək üçün, fasiləsiz tibbi xidmətin göstərilməsini təmin edir.
İctimai münasibətlər - İşimizin effektivliyini artırmaq üçün təhsil, dövlət və digər ictimai təşkilatlarla əməkdaşlıq əlaqələri yaradırıq.