Qanunvericilik 

Lənkəran Şəhər Psixiatriya Xəstəxanası pasiyentlərin, yaxınlarının, habelə xəstəxananın əməkdaşlarının hüquqlarına həssas yanaşaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə psixi sağlamlıq xidmətini yerinə yetirir. Bu məqsədlə Lənkəran Şəhər Psixiatriya Xəstəxanası 12 iyun 2001-ci il tarixli "Psixiatriya yardımı haqqında", 26 iyun 1997-ci il tarixli "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Konstitusiyasına və Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının əsasnaməsinə istinad edir.

 

"Psixiatriya yardımı haqqında" qanun

"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının qanunu 12 iyun 2001-ci il tarixində ümummilli lider, ulu öndər Heydər Əliyev tərəfindən imzalanmışdır. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. "Psixiatriya yardımı haqqında" qanun 4 fəsil və 44 maddədən təşkil olunub psixi pozuntusu olan şəxslərin hüquqlarını, onların psixiatrik yardımla təminini və sosial müdafiəsini, həmçinin psixiatriya yardımı göstərən şəxs və müəssisələrin hüquq və vəzifələrini müəyyən edir.

 

"Əhalinin sağlamlığının qorunması haqqında" qanun

"Əhalinin sağlamlığının qorunması haqqında " Azərbaycan Respublikasının qanunu 26 iyun 1997-ci il tarixində ümummilli lider, ulu öndər Heydər Əliyev tərəfindən imzalanmışdır. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir. "Əhalinin sağlamlığının qorunması haqqında" qanun 10 fəsil və 62 maddədən təşkil olunub əhalinin sağlamlığının qorunmasının təşkili qaydalarını, sağlamlığın qorunması sahəsində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarını , tibbi-sosial yardım sahəsində vətəndaşların hüquqlarını, ailə planlaşdırılmasını, insanın reproduktiv funksiyasının tənzimlənməsini, tibbi ekspertiza qaydalarını, tibb və əczaçılıq işçilərinin hüquqlarını, onların sosial müdafiəsini, habelə vətəndaşların sağlamlığına vurulan zərərə görə məsuliyyətini müəyyən edir.

 

Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. Həmin Konstitusiya 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixində ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Konstitusiyamız 12 fəsil və 158 maddədən təşkil olunmuşdur. Azərbaycan xalqı “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.