Ümumi məlumat

Lənkəran Şəhər Psixiatriya Xəstəxanası 2017-ci ildə 0,8 hektar ərazidə tikilmiş psixi sağlamlıq müəssisəsidir. Xəstəxana üçmərtəbəli olub 100 çarpayılıqdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının birinci mərtəbəsində qəbul şöbəsi, aptek, ambulatoriya, laboratoriya, ikinci və üçüncü mərtəbələrdə isə stasionar şöbə fəaliyyətlər göstərir.

 

Qəbul şöbəsi

Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının qəbul şöbəsində stasionar müalicəyə müraciət edən pasiyentlərin ilkin dəyərləndirilməsi və müayinəsi təmin edilir. Qəbul şöbəsində pasiyentin həm psixiatrik, həm də somatik durumu dəyərləndirilir. Eyni zamanda pasiyentin hüquqları ona izah edilərək stasionar müayinə və müalicəyə, həmçinin dərman qəbuluna razılığı dəqiqləşdirilir. Həmçinin pasiyentin somatik durumu dəyərləndirilərək pasiyentin əsas vital göstəriciləri, kütlə və boy kimi əhəmiyyətli göstəriciləri ölçülür. Ehtiyac halında qəbul şöbəsində pasiyentə ilkin müdaxilə göstərilir. 

 

Stasionar şöbələr

Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında kişilər və qadınlar üçün müvafiq olaraq, ümumi psixiatriya-1 və ümumi psixiatriya-2 şöbəsi var. Stasionar şöbələrdə pasiyentlər mütəmadi nəzarət altında saxlanılır. Stasionar müalicə dönəmində pasiyentlərin şöbədaxili rejimə uyğun şəkildə həm dərman, həm də qida təminatı edilir. Hava şəraitindən və pasiyentlərin klinik vəziyyətindən asılı olaraq, pasiyentlərin açıq hava şəraitində asudə vaxtının keçirilməsi təşkil edilir.

 

Laboratoriya

Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının laboratoriyası 2023-cü ildən fəaliyyət göstərir. Xəstəxananın laboratoriyasında stasionar müalicə alan pasiyentlərin əsas infeksion xəstəlikləri dəyərləndirilir və nəticələrdən asılı olaraq, əlavə terapevtik müayinələr təmin edilir və pasiyent infeksion palataya yerləşdirilir.